xəbərlər

Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

17.04.2023

 17 aprel 2023-cü il tarixində DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayan   şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans iştirakçılarını açılış nitqi ilə salamlayan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov konfransın işinə uğurlar arzulayaraq konfransın əhəmiyyəti və məqsədi barədə fikirlərini bildirmişdir. Ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı aparılan məqsədyönlü islahatların bu sahədə etibarlı sosial və hüquqi mexanizmlərin yaradılmasına təkan verdiyini vurğulayan C.Daanov qeyd etmişdi ki, beynəlxalq konfransın keçirilməsində əsas məqsəd aktual və problemli məsələlərin araşdırılması və həlli yollarının müəyyən edilməsi, nəzəri biliklərin praktiki  bacarıqlarla vəhdətinə nail olunması, beynəlxalq təcrübənin öyrənilməsi və əlaqələrin genişləndirilməsi, hüquqi, sosial-psixoloji müstəvidə olan problemlərə diqqətin artırılmasıdır. Daha sonra Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri, s.e.d., professor Hicran Hüseynova və Komitənin Hüquq təminat şöbəsinin müdiri Taliyə İbrahimova, DTX-nın Heydər Əliyev adına Akademiyasının rəis vəzifəsini müvəqətti icra edən, polkovnik Elşad Nəsirov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini, baş ədliyyə müşaviri Talıb Cəfərov, Mediasiya Şurasının İdarə Heyətinin sədri, h.ü.f.d. Nadir Adilov, BDU-nun Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, h.ü.e.d., professor Firuzə Abbasova konfransda açılış nitqi ilə çıxış etdilər.

Tədbirdə Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Belarus, Qazaxıstan və Moldova  Respublikalarının elm və təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi. Ölkə xaricindən  20-dən çox elmi məqalə konfrans materiallarına daxil edilib.
Konfransın bölmə iclaslarında DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş özgə əmlakını talama əməllərinin istintaqının bəzi aspektləri”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Uşaqların Müdafiəsi İdarəsinin rəisi, h.ü.f.d. Məlahət Hacıyeva,  Türkiyə Respublikasının Təhlükəsizlik Elmləri İnstitutunun Cinayət Ədaləti Bölümünün rəhbəri, dos. Doktor Ali Rza Töngür,  Rusiya Federasiyası DİN-in V.Y. Kikot adına Moskva Universitetinin kriminalistika kafedrasının professoru, h.e.d., professor Marina Kardaşevskaya “Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin Rusiya Federasiyasında və Azərbaycan Respublikasında dəvət edilməsinin xüsusiyyətləri: müqayisəli təhlil”, UNİCEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq Müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov “Yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntusu və cinayət törədilməsi kontekstində beynəlxalq standartlar və müasir yanaşma”, Rusiya Federasiyası DİN-in Voronej İnstitutunun cinayət-prosessual kafedrasının dosenti, h.ü.f.d., dosent, polis  polkovnik-leytenantı Ülvi Əhmədov “Rusiya Federasiyasının cinayət-prossesual məcəlləsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara qarşı cinayət işləri üzrə icraatın xüsusiyyətləri”, Moldova Respublikası DİN-in Ştefan Çel Mare Akademiyasının cinayət prosesi, kriminalistika və informasiya təhlükəsizliyi kafedrasının müəllimi Artem Pilat “Yetkinlik yaşına çatmayanların işi üzrə məhkəmə ekspertizasının qərarında rəqabət prinsipinə riayət edilməsi”, Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquq və humanitar elmlər kafedrasının müdiri, h.ü.f.d. Hakim Əzizov “Türk hüququnda yetkinlik yaşına çatmayan şəxslərə təyin edilən cəza növləri” adlı mövzularla məruzə etdilər.

Müzakirələrlə davam edən konfransın sonunda iştirakçılar tərəfindən bu sahə üzrə araşdırmaların mütəmadi davam etdirilməli və iştirakçı qurumlar arasında əməkdaşlığın daha da intensivləşdirilməsi vurğulandı. Daha sonra Akademiya rəisi polis general-mayoru Canpolad Daanov iştirakçılara təşəkkürünü bildirdi.
Sonda beynəlxalq elmi-praktik konfransın bəyannaməsi səsləndirildi, iştirakçılara nəfis şəkildə çap edilmiş konfrans materialları və sertifaktlar təqdim edildi.
 
 
Geriyə | Çap versiyası