xəbərlər

Polis Akademiyasının əməkdaşları Belarus Respublikasında DİN-in Akademiyasının 65 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər

19.05.2023

18-19 may 2023-cü il tarixlərində Minsk şəhərində Belarus Respublikasının Daxili İşlər Nazirliyinin  Akademiyasının 65 illik yubileyi ilə əlaqədar “Cinayətkarlıqla mübarizə və hüquq-mühafizə orqanlarının kadr hazırlığı problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Rusiya Federasiyası, Tacikistan və Özbəkistan Respublikaları ilə yanaşı Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının nümayəndə heyəti də iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, milis general-mayoru Dmitri Korzyuk iştirak üçün dəvətə cavab verən 70-dən çox ali təhsil müəssisəsi və müxtəlif təşkilatların nümayəndələrinə öz dərin təşəkkürünü bildirmiş, hüquq-mühafizə orqanlarının işinin mürəkkəbləşdiyi bir dövrdə konstruktiv tərəfdaşlıqların yaradılması üçün bu səpgili görüşlərin keçirilməsinin zəruri olduğunu vurğulamışdır.

Daha sonra Belarusiya Respublikasının DİN-in Akademiyasının rəisi, milis general-mayoru Aleksandr Vasilyev son illər ərzində Akademiyanın iştirak etdiyi elmi-tədqiqat layihələri və dövlət proqramlarından söz açmış, cinayətlərlə mübarizə üçün yeni praktik üsulların formalaşdırılması, mütəxəssislərin hazırlanması və bu işlərə şərait yaradılması məsələlərindən ətraflı danışmışdır.

Həmçinin, konfrans çərçivəsində fəlsəfə doktoru və dosent elmi adlarını almış milis əməkdaşlarına diplomlarının təntənəli təqdimat mərasimi həyata keçirilmişdir.
Konfransda mövzu üzrə çıxış və təqdimatlar edilmiş, xarici nümayəndə heyətləri qarşılarında duran vəzifələrin həllindəki müsbət təcrübələrindən danışmışlar.
Plenar iclasın yekunlarına əsasən iştirakçılar hüquq-mühafizə sahəsində qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin artırılması barədə razılığa gəlmişlər.



Geriyə | Çap versiyası