xəbərlər

Polis Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

14.06.2023

14 iyun 2023-cü il tarixdə DİN-in Polis Akademiyasında “15 iyun - Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, müəllim-zabit heyəti və əyani fakültənin kursantları iştirak ediblər.
Tədbirdə müstəqilliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirmiş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib və  15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan DİN-in Polis Akademiyasının döyüş və xidməti hazırlıq üzrə rəis müavini, polis polkovniki İlyas İsayev çıxışında bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

İlyas İsayev çıxışının sonunda qeyd edib ki, xalqına, dövlətinə, Prezidentinə, öz Ali Baş Komandanına arxalanan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının şəxsi heyəti, bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək, Ulu öndərin adını həmişə yüksək ehtiramla yad edəcəkdir.
Tədbirdə həmçinin, DİN-in Polis Akademiyasının İctimai elmlər kafedrasının dosenti, polis polkovnik-leytenantı Rəşad Qasımov Ümummilli liderin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində və inkişafındakı müstəsna rolu barədə Polis Akademiyasının şəxsi heyətinə məlumat çatdırıb.
 
 

Geriyə | Çap versiyası