xəbərlər

Polis Akademiyasının əməkdaşı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Elmi-Məsləhət Şurasının Qəbələ şəhərində keçirilən xüsusi iclasında iştirak edib

14.06.2023

14 iyun 2023-cü il tarixdə Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib. Tədbirdə Polis Akademiyasının Cinayət prosesi kafedrasının rəisi, polis polkovniki Səyyad Ağayev iştirak edib.

Tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev Ümummilli lider Heydər Əliyev, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan, dövlətə, dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduqlarını xüsusilə qeyd etdi. Prokurorluq orqanlarının formalaşmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror Azərbaycan prokurorluğunun keçdiyi şərəfli yol və hazırkı fəaliyyətindən danışdı. Həmçinin, Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən də söz açdı, Ümummilli liderin dərin zəkası və zəngin dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq ölkədə həyata keçirdiyi dövlət quruculuğu işləri və hüquq siyasəti barədə iclas iştirakçılarını məlumatlandırdı.

Daha sonra iclasda “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Qurtuluş məfkurəsi: Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi” mövzusunda çıxış etdi. Maraqlı müzakirələrlə davam edən tədbir Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filminin nümayişi ilə yekunlaşdı.  
 
 

Geriyə | Çap versiyası