xəbərlər

Polis Akademiyasının kursantı müsabiqədə iştirak edib

17.06.2023

Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə xüsusi təyinatlı ali təhsil müəssisələrində “Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esse müsabiqəsi keçirilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir ordu quruculuğu siyasətinin dərindən öyrənilməsi, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarix yazan, dünyanın inkişaf etmiş silahlı qüvvələri arasında özünə layiqli yer tutan müzəffər ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsi, yeni nəslin vətənpərvərlik ruhunda formalaşması, eləcə də gənc zabitlərimizdə yazılı və şifahi nitq vərdişlərinin düzgün inkişafı işinə töhfə vermək məqsədilə keçirilən müsabiqədə DİN-in Polis Akademiyasının 6 kursantının essesi Monitorinq Mərkəzinə təqdim edilmişdir. 16 iyun 2023-cü il tarixində yekunlaşan müsabiqə nəticələrinin elan olunduğu tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva açaraq ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən tədbir və müsabiqələrdən bəhs etmiş, Heydər Əliyevin müstəqillik illərində Azərbaycan dilinin inkişafı, qorunması və rəsmi dövlət dili səviyyəsinə yüksəldilməsindən danışmış,  prezident cənab İlham Əliyevin dilə qayğısından, ordumuzun qələbə sevincini xalqa yaşatmasından söhbət açmışdır.

Müsabiqəyə dörd xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbə və kursantları tərəfindən ümumilikdə 20 esse təqdim edilmişdir. 10 esse müəllifi fərqləndiyinə görə təşəkkürnamə, diplom və pul mükafatları ilə təltif edilmişdir. Polis Akademiyasının Dil hazırlığı kafedrasının müəllimi, f.ü.f.d. Fərqanə Əliyevanın rəhbərliyi ilə IV kurs kursantı, polis siravisi Sura Əzizovanın yazdığı esse təşəkkürnamə ilə təltif edilmişdir.

Sonda  Akademiya rəhbərliyinin göstərişi ilə kursantların Azərbaycan dilində yazılı və şifahi nitq vərdişlərinin inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif növ müsabiqə, bilik yarışları və tədbirlərin keçirilməsi barədə tədbir iştirakçıları F.Əliyeva tərəfindən məlumatlandırılmışdır.
 
 
 

Geriyə | Çap versiyası