xəbərlər

Polis Akademiyasının əməkdaşları Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş VI beynəlxalq elmi konfransda iştirak ediblər

14.06.2023

14 iyun 2023-cü il tarixində Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VI beynəlxalq elmi konfrans keçirilib.

Yerli və xarici ali təhsil müəssisələrinin əməkdaşlarının iştirak etdiyi konfransda DİN-in Polis Akademiyasını Akademiya rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov və “İctimai elmlər” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Əfqan Qasımzadə təmsil ediblər.

Konfransı Təşkilat komitəsinin sədri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla giriş sözü ilə açaraq konfransın əhəmiyyətindən, ulu öndərin Azərbaycan mültikulturalizminin siyasi banisi olaraq yorulmaz fəaliyyətindən və tolerantlıq ənənələrinin qurulmasındakı böyük rolundan geniş bəhs edib.

Konfransa dəvət olunmuş xarici qonaqlar çıxışlarında Heydər Əliyev haqqında xatirələrini bölüşərək konfransın əhəmiyyətindən geniş bəhs ediblər. Sonra konfransın işi bölmə iclasları ilə davam etdirilib.

Bölmə iclasında “İctimai elmlər” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Əfqan Qasımzadə “Azərbaycançılıq ideologiyasının və multikultural dəyərlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda geniş məruzə ilə çıxış edib.
Sonda konfransın bağlanış mərasimi keçirilib.
 
 

Geriyə | Çap versiyası