xəbərlər

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

02.07.2023

30 iyun 2023-cü il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.
İlk olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi  bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, zati-alilərinin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran daxili işlər naziri Vilayət Eyvazov ötən 105 ildə polisin keçdiyi çətin sınaqlarla dolu şərəfli və zəngin xidmət yolu, cinayətkarlığa qarşı mübarizədə qazandığı təcrübələr, dəyərli ənənələr, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruha malik vətənpərvər kadrlarla möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb. Nazir birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini, müstəqilliyin yenicə bərpa edildiyi illərdə ölkəmizdə hökm sürən anarxiyanın ağır nəticələrinin aradan qaldırılmasında, respublikada daxili sabitliyin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində önəmli xidmətlər göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə görülən işlərin nəticəsi olaraq müasir maddi-texniki bazaya, infrastruktura və qabaqcıl texnologiyaya malik daxili işlər orqanlarının fəaliyyətinin vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldiyini vurğulayan general-polkovnik V.Eyvazov şəxsi heyətin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldiyini və bu sahədə ardıcıl iş aparıldığını qeyd edib. Cənab Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olaraq bu peşə bayramı ərəfəsində DİO əməkdaşları dövlət mükafatları və ali xüsusi rütbələrlə mükafatlandırılıblar.
Cənab nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, valideynlərə, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, kütləvi informasiya vasitələri və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinə təşəkkürünü bildirib. Daha sonra Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini yetişdirən Polis Akademiyasının peşəkar polis kadrlarının hazırlanmasında xüsusi rolunu qeyd edərək məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib.
Mərasimdə  məruzə ilə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov 2022/2023-cü tədris ilində sistemli şəkildə təşkilati və tədris-metodiki tədbirlərin həyata keçirildiyini, bilik və bacarıqların daha dərindən mənimsənilməsi məqsədilə tədris prosesində müasir təlim metodlarından geniş istifadə olunduğunu, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi, təhsilalanların xidməti fəaliyyətə psixoloji hazırlığının təmin edilməsi məqsədilə respublikanın tanınmış alimləri, Daxili İşlər Nazirliyinin, məhkəmə və prokurorluq orqanlarının əməkdaşları, eləcə də Ombudsman Aparatı, Vəkillər Kollegiyasının üzvləri və digər dövlət qurumlarının mütəxəssisləri mütəmadi olaraq dərslərə, Akademiyada təşkil olunan beynəlxalq elmi-praktiki konfranslara, dəyirmi masalara cəlb edildiyini, kursantların təcrübi hazırlıq səviyyəsinin yüksəldilməsi, xidmətə adaptasiyası və onlarla simulyativ xarakterli əməliyyat taktiki-təlimlərin keçirilməsi üçün Akademiyada “ərazi polis qurumunun modulu” yaradıldığını bildirib. C.Daanov həmçinin, kursantların beynəlxalq və yerli bilik yarışları, müsabiqə və elmi-praktik konfranslarda çıxış edərək uğur əldə etdiklərini, idman yarışlarında fəxri kürsünün yüksək pillələrinə qalxdıqlarını vurğulayıb. Akademiya rəisi çıxışının sonunda müasir meyarlara cavab verən təhsil prosesinin və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilən peşəkar polis kadrlarının hazırlığı istiqamətində cənab nazirin qarşımıza qoyduğu tapşırıq və göstərişlərin hər zaman layiqincə yerinə yetiriləcəyini bildirib.
Kursantlar adından əlaçı məzun, polis baş leytenantı Muhamməd Nəsibli çıxış edərək cənab nazirə və Akademiyanın professor-müəllim heyətinə aldıqları yüksək səviyyədə təhsilə görə təşəkkürünü, vətənə, dövlətə şərəflə xidmət edəcəklərini bildirib.
Mərasimdə daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomlar təqdim edib.
Tədbirin sonunda şəxsi heyət təntənəli keçidlə tribunanın qarşısından keçib.
 
 
Geriyə | Çap versiyası