xəbərlər

Polis Akademiyasının əməkdaşı Macarıstanın Budapeşt şəhərində “TOPCOP” layihəsi çərçivəsində həyata keçirilən təlimdə iştirak edib

25.06.2023


18-23 iyun 2023-cü il tarixlərində Macarıstan Respublikasının Budapeşt şəhərində Avropa İttifaqı Hüquq-Mühafizə Təlimləri üzrə Agentliyi (CEPOL) tərəfindən həyata keçirilən “Qaranlıq şəbəkə təhqiqatları, rəqəmsal sübut və kriptovalyutalar” adlı təlimdə Azərbaycan nümayəndə heyətinin tərkibindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər dövlət qurumlarının  əməkdaşları ilə yanaşı DİN-in Polis Akademiyasının “Kriminalistika” kafedrasının müəllimi, polis baş leytenantı İsmayıl Əmirli iştirak edib. Ümumilikdə Moldova, Ukrayna, Gürcüstan, Azərbaycan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçirilən təlim CEPOL-un TOPCOP layihəsi çərçivəsində həyata keçirilib.  
Təlim hüquq-mühafizə sahəsində təlim ehtiyaclarının dəyərləndirilməsi metodologiyaları üzrə CEPOL standartları, “TOPCOP” layihəsinin 2021-2024-cü illər üzrə təlimlər kataloqu, CEPOL-un “LEED” elektron tədris platformasından istifadə, Avropaya qarşı mütəşəkkil və ağır cinayətlər və təhdidlərə qarşı sistematik fəaliyyət metodologiyası, proqramlaşdırma alətləri, “TOPCOP” Mübadilə Proqramı, ağır və mütəşəkkil cinayət təhdidlərinin qiymətləndirilməsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə Avropa İttifaqı qurumları, üzv dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrinin hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlıq və informasiya mübadiləsinin təkmilləşdirilməsi kimi mövzuları əhatə edib.
Tədbir prosesində 4 təlimçi tərəfindən “Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyası”nın əhəmiyyəti, xidmət provayderləri ilə qarşılıqlı əməkdaşlıq və ölkələrin beynəlxalq əməkdaşlığı, “Qaranlıq veb və kriptovalyuta”lardan istifadə edilməklə törədilən cinayətlərin sayının artması, bu cinayətlərin istintaqında istifadə olunan üsul və metodların əhəmiyyəti, “Açıq Mənbə Kəşfiyyatı” (OSİNT) qısa yollarından istifadə etməklə məlumatların toplanılması və həmin məlumatların götürülməsi, rəsmiləşdirilməsi və sübut qismində istifadə olunmasının əhəmiyyəti, “Qaranlıq veb”ə daxil olmanın üsulları, həmin vebdə cinayətkarların cinayətləri törətmə üsulları, istifadə olunan trend saytlar, həmin saytlarda araşdırmaların aparılması, “phising” və “ransomware”  təhdidlərinin mahiyyəti, onlarla qarşılaşdıqda hansı ilkin hərəkətlərin aparılması, habelə həmin zərərli proqram təminatlarını yayan şəxslərin tapılması, kibercinayətkarlığın qarşısının alınması və preventiv tədbirlər ilə bağlı mövzularda nəzəri və praktiki təlimlər keçirilib.
Təlimdə “Kriminalistika” kafedrasının müəllimi, polis baş leytenantı Əmirli İsmayıl “Avropa İttifaqı Siyasət Dövrəsi”/”Kriminal Təhdidlərə qarşı Multidissiplinar Avropa Platforması” (“EMPACT”) mövzusu və  “Qaranlıq veb araşdırmaları, elektron sübut və kriptovalyutalar” mövzusu üzrə fəallıq göstərib və müvəffəqiyyət sertifikatlarına layiq görülülüb.
 Təlim interaktiv və sual-cavab formatında davam etdirilib, bir sıra mövzular üzrə müzakirələr aparılıb. Ümumilikdə işgüzar və səmərəli şəkildə baş tutub.

Geriyə | Çap versiyası