xəbərlər

Polis Akademiyasının əməkdaşı Türkiyə Respublikasında keçirilmiş “II Beynəlxalq polis və cəza hüququ” adlı simpoziumda iştirak edib

25.06.2023

23–24 iyun  2023-cü il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Polis Akademiyası  tərəfindən təşkil edilən  “II Beynəlxalq polis və cəza hüququ” adlı simpoziumda DİN-in Polis Akademiyasının Cinayət hüququ kafedrasının müəllimi, polis baş leytenantı Elnur Nəcəfov iştirak edib.

Tədbirin əsas təşkilati rəhbəri olan Türkiyə Respublikası Polis Akademiyasının professoru Ali Rza Töngür tədbiri giriş sözü ilə açaraq artıq ikinci ildir ki təşkil olunan simpoziumun əsas məqsədinin Türkiyə və digər xarici ölkələrin hüquq sistemlərinin qarşılıqlı müqayisəsi, mövcud olan problemlərin və onların həlli üzrə təklif olunan əsas fikirlərin müzakirəsi, həmçinin hüquqşünasların bu sahədəki təcrübələrinin təkmilləşdirilməsi olduğunu vurğulayıb. Daha sonra Türkiyə Respublikası Polis Akademiyasının rəisi, professor Yılmaz Çolak qonaqları salamlayaraq simpoziumu açıq elan edib.
İki gün davam edən simpoziumun bu ilki əsas mövzusu cinayətlərin araşdırmasında polisin əsas səlahiyyətlərinə və eyni zamanda polis əməkdaşlarının hüquqi biliklərinin olmamasından yaranan çətinliklərə həsr olunub. Proqram üzrə hər gün on iki çıxışçının nitqi dinlənilib.

Simpozium iştirakçıları şəxsi toxunulmazlıq hüququnun pozulduğu hallar və Alman cinayət qanunvericiliyində bu kimi hallara qarşı tətbiq edilən cəzalar, cinayətlərin araşdırmasında şəxsi məlumatların istifadə edilməsi qaydaları, süni intellektin polis əməkdaşlarının vəzifələrini həyata keçirilməsində istifadəsi və cinayətlərin araşdırmasında iştirakının mümkünlüyü, çirkli pulların yuyulması və son dövrlərdə Almaniya da daxil olmaqla Avropa ölkələrində artan qanunsuz pul köçürmələri cinayətlərinin qarşısının alınması, bu əməlləri törədənlərin yaxalanması təcrübəsi və bu sahədə polis əməkdaşlarının səlahiyyətlərinin artırılmasının vacibliyi, Almaniya qanunvericiliyində polis əməkdaşlarının əməliyyat tədbiri zamanı və ya hər hansı hüquqazidd hərəkətlərin qarşısını alarkən kənar şəxslər tərəfindən video lentə alınmasının nüansları, çəkilişin qanunsuz olduğu və icazə verilmədiyi təqdirdə polisin etməli olduğu hərəkətlər haqqında və digər mövzularda çıxışlar ediblər.
Simpoziumda həmçinin polis əməkdaşlarının silah tətbiq etməsi və bu səlahiyyətlərin həyata keçirilməsi zamanı diqqət edilməli olan hallar haqqında danışılıb. DİN-in Polis Akademiyasını təmsil edən edən “Cinayət hüququ” kafedrasının müəllimi polis baş leytenantı Elnur Nəcəfov  Azərbaycan Respublikasının polis haqqında qanununa uyğun olaraq polisin hansı hallarda silah tətbiq edə biləcəyini tədbir iştirakçılarına çatdırıb. Tədbirdə fəal iştirak edən E.Nəcəfov sonda Türkiyə Respublikası Polis Akademiyasının rəisi, professor Yılmaz Çolak tərəfindən sertifikatla mükafatlandırılıb.
Ümumilikdə təlim işgüzar və səmərəli şəkildə baş tutub.
 
 

Geriyə | Çap versiyası