xəbərlər

Polis Akademiyasının komandası “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışında 2-ci yeri tutub

18.10.2023

18 oktyabr 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışı keçirilib.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 9-cu dəfə keçirilən yarışda ölkə üzrə 50 ali təhsil müəssisəsinin tələbələri iştirak edib.

Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və bu il anadan olmasının 100-cü ildönümü qeyd edilən ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.
Müstəqilliyin Bərpası Günündə keçirilən yarışda əvvəlcə Ümummilli lider Heydər Əliyevin gənclərlə görüşlərini, Ulu öndərin gənclərə olan mühüm tövsiyələrini və Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini əks etdirən videoçarx nümayiş olunub.

Bilik yarışında hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət bir komanda təmsil edib. Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırmalar aparıblar.

Yarışda Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bilik səviyyələri və ümumi dünyagörüşləri ilə fərqlənən 8 nəfərdən (6 nəfər əsas heyət – magistrant, polis leytenantı,  Hüseynov Asəf komanda kapitanı,  kursantlar İsmayılzadə Nəimi, Qurbanlı Kənan, Cəfərov Rüstəm, İsmayılzadə Güloğlan, Mustafayev Rəvan, 2 nəfər ehtiyat heyət - İsayev Erol, Tapdıqlı Azər) ibarət komanda təmsil edib.

Üç turun sonunda ümumrespublika bilik yarışının qalibləri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin komandası üçüncü yerə layiq görülüb.
Sonda qaliblər diplom və hədiyyələrlə təltif olunublar.
 
 
 

Geriyə | Çap versiyası