xəbərlər

DİN-in Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

16.12.2023

 15 dekabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin, Daxili İşlər Nazirliyinin,  Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri qonaq qismində iştirak edib. Beynəlxalq elmi-praktik konfransda 16 ölkədaxili qurumdan 43 əməkdaş birbaşa, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Moldova, Bolqarıstan, Gürcüstan və Qazaxıstan Respublikalarının 14 ali təhsil müəssisəsindən 30-dan artıq əməkdaş onlayn formatda iştirak ediblər.

Tədbir iştirakçıları Akademiyada Ulu öndərin abidəsi önünə gül dəstələri qoyduqdan sonra konfrans zalında Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 Konfransı giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb, onun əhəmiyyəti və məqsədi barədə fikirlərini bildirib. C.Daanov hüquqi müstəvidə tədqiqinə ehtiyac duyulan, həmçinin aktual və problemli məsələləri özündə ehtiva edən istiqamətlərdən birinin mülkiyyət əleyhinə törədilən cinayətlərlə bağlı olduğunu və qeydə alınmış ümumi cinayətlərin təqribən 70%-ni təşkil etdiyini vurğulayıb. Akademiya rəisi bu mövzuda beynəlxalq konfransın keçirilməsində əsas məqsədin aktual və problemli məsələlərin araşdırılması və həlli yollarının müəyyən edilməsi, nəzəri biliklərin praktiki  bacarıqlarla vəhdətinə nail olunması, hüquqi müstəvidə olan problemlərə diqqətin artırılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və əlaqələrin genişləndirilməsi olduğunu qeyd edib.

 Daha sonra Qazaxıstan Respublikası DİN-in Barimbek Beysenov adına Karaqanda Akademiyasının rəis müavini, polis polkovniki, h.ü.f.d., dos. Oljas Seydjanov, Bolqarıstan Respublikası DİN-in Akademiyasının rektor müavini, f.ü.f.d., dos., komissar Mihov Simo Georgiyev, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, h.ü.f.d. Elçin Qasımov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini, baş ədliyyə müşaviri Talıb Cəfərov açılış nitqi ilə çıxış ediblər.

 Fasilədən sonra yerli və xarici iştirakçıların “Kompüter cinayətlərinin təhlili: müasir texnologiyalar və kompüter məhkəmə ekspertizasının həlledici rolu”, “Mülkiyyət əleyhinə törədilmiş cinayətlərin araşdırılması: cinayət hüququ, cinayət-prosessual və kriminoloji aspektlər”, “Oğurluq cinayətlərinin istintaqı zamanı təyin olunan kriminalistik ekspertizaların aparılmasını çətinləşdirən amillər”, “Bolqarıstan Respublikasında dələduzluq cinayətlərinin vəziyyəti, dinamikası və meyilləri”, “Mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizənin müasir problemləri”, “İnformasiya texnologiyalarından istifadə etməklə törədilən oğurluq: məsuliyyətin və kvalifikasiyanın fərqləndirilməsi”, “Moldova Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş quldurluq cinayətinin alət və vasitələri” və “Mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsinin qarşısının alınmasında bəzi preventiv tədbirlər” mövzularında  təqdimatları dinlənilib.
Konfransın yekununda iştirakçılara çap olunmuş konfrans materialları təqdim edilib, dəstək və iştiraklarına görə hər kəsə təşəkkür edilib.

 
 
 

Geriyə | Çap versiyası