xəbərlər

Polis Akademiyasının əməkdaşı və kursantları daxili işlər orqanları əməkdaşları arasında güllə atıcılığı üzrə keçirilən yarışın qalibi olublar

15.12.2023

15 dekabr 2023-cü il tarixində DİN-in atıcılıq tirində daxili işlər orqanları əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilib.

Yarışda baş idarə, idarə, şöbələr daxil olmaqla 25 komanda iştirak edib. İştirakçılar komanda və şəxsi birincilik üzrə yarışıblar.
Güllə atıcılığı üzrə yarış 3 mərhələdə həyata keçirilib. Yarışın obyektiv keçirilməsi və nəticələrin düzgün qiymətləndirilməsi məqsədilə münsiflər heyəti təyin olunub.

Komanda yarışları üzrə nəticələrə əsasən Polis Akademiyasının yığma komandası 3 ədəd qızıl, 2 ədəd gümüş, 2 ədəd bürünc medal olmaqla cəmi 7 medal qazanaraq I yerə layiq görülüblər. II və III yer üzrə qaliblər isə Çevik Polis Alayı və DİN-in Komendant Xidmətinin komandaları  olublar.

Şəxsi birincilikdə müxtəlif tapşırıqlar üzrə Akademiyanın yığma komandasının üzvlərindən Dövlət hüquq nəzəriyyəsi kafedrasının müəllimi, polis leytenantı Ayişə Əliyeva 2 qızıl və 1 gümüş, V kursun II taqımının kursantı Ramil Allahverdiyev 1 qızıl, 1 gümüş və 1 bürünc , IV kursun VIII taqımının kursantı Polad Hüseynli isə 1 bürünc medala layiq görülüblər.
Tədbirin yekununda qalib komandaya kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.





Geriyə | Çap versiyası