xəbərlər

Hüquqşünaslıq ixtisası üzrə təhsil verən ali təhsil müəssisələri arasında keçirilən bilik yarışında Polis Akademiyasının kursantları BİRİNCİ olublar

25.12.2023

 Polis Akademiyasının kursantları Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilmiş hüquq sahəsində keçirilən "Dəmir yumruq" intellektual müsabiqəsində yüksək nəticə göstərərək qalib olublar.

Üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qruplarının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Bakı Dövlət Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Milli Aviasiya Akademiyasının və Naxçıvan Dövlət Universitetinin hüquq fakültələrinin tələbələrinin komandaları iştirak edib. Komandaların biliklərini qiymətləndirmək üçün Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri və hüquqşünas alimlərdən ibarət münsiflər heyəti təyin olunub. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyi, Vəkillər Kollegiyasının Akademiyasının nümayəndələri, iştirakçı universitetlərin qrup rəhbərləri və tələbələr iştirak ediblər.

 Məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi və inkişaf etdirilməsi olan müsabiqədə DİN-in Polis Akademiyasını III kurs kursantları Tapdıqlı Azər, Əliyev Yunis, IV kurs kursantları Qurbanlı Kənan, Əliyev Cavad və V kurs kursantı Orucov Anar təmsil edib.
09 dekabr 2023-cü il tarixində intellektual müsabiqəsinin ilkin mərhələsi başlayıb. Bu mərhələdə hər birində 5 tələbə olmaqla 9 komanda iştirak edib. Nəticələrə əsasən DİN-in Polis Akademiyasının, DTX-nın Heydər Əliyev adına Akademiyasının, Dövlət İdarəçilik Akdemiyasının və Milli Aviasiya Akademiyasının komandaları növbəti mərhələyə keçiblər.
17 dekabr 2023-cü il tarixində keçirilən yarımfinal mərhələsinin nəticələrinə görə isə DİN-in Polis Akademiyası 112 bal və DTX-nin Heydər Əliyev adına Akademiyası  107 bal toplayaraq final mərhələsinə adlayıblar.

İntellektual müsabiqənin sonuncu və həlledici final mərhələsi 23 dekabr 2023-cü il tarixində Ali Məhkəmənin inzibati binasında keçirilib. Bu mərhələdə 15 sualı şifahi cavablandıran komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilib və konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində ən yüksək bilik və bacarıqlara sahib olan DİN-in Polis Akademiyasının komandası 11 bal toplayaraq müsabiqənin qalibi olub.

 
 
 

Geriyə | Çap versiyası