xəbərlər

Polis Akademiyasının əməkdaş və kursantları Dövlət təhlükəsizlik orqanlarının yaradılmasının 105 illik yubileyinə həsr olunmuş dəyirmi masada iştirak edib

07.03.2024

6 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında təhlükəsizlik orqanlarının yaradılmasının 105 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının qanunvericiliyində mövcud problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirilib.

DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının və Heydər Əliyev adına Hərbi İnstitutun əməkdaş və kursantlarının iştirak etdiyi tədbirdə DİN-in Polis Akademiyasını Cinayət prosesi kafedrasının müəlimi, polis baş leytenantı Xalid Qasımov və IV kurs kursantları Qulu Quluzadə, İslam Əliyev və Vəli Vəliyev təmsil ediblər.

Kursant V.Vəliyev “Müraciətlərə baxılması zamanı Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının təmin edilməsi” mövzusunda çıxış edərək vətəndaş müraciətlərinə baxılması, müraciətlərin qəbulu-qeydiyyatı, müraciətlərə baxılması zamanı vətəndaşların hüquqlarının təmin edilməsi və sonda vətəndaş məmnunluğunun yaradılması məsələləri haqqında ətraflı məlumat verib. Tədbirdə həmçinin “Dövlət təhlükəsizlik orqanlarının inkişafında Heydər Əliyevin əvəzedilməz rolu”, “Qiyabi icraatın cinayət prosesində hüquqi tənzimlənməsi məsələləri” və digər mövzularda çıxışlar dinlənilib.
Sonda iştirakçılar məruzələr ətrafında müzakirələr aparıb və yaranan suallar cavablandırılıb.
Ümumilikdə tədbir səmərəli şəkildə baş tutub.


 


Geriyə | Çap versiyası