xəbərlər

Polis Akademiyasında təhsil almaq üçün sənədlərini təqdim etmiş Biləsuvar məktəbliləri Akademiyada yaradılmış şərait ilə yaxından tanış olublar

13.03.2024

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlər davam etdirilir.
13 mart 2024-cü il tarixində Akademiyanın növbəti qonaqları Biləsuvar rayonunun müxtəlif məktəblərinin Polis Akademiyasında əyani təhsilə “hüquqşünaslıq” ixtisası üzrə 2024/2025-ci il tədris ili üçün artıq sənədlərini təqdim etmiş 11-ci sinifdə təhsil alan 29 gənci və növbəti illərdə Polis Akademiyasında təhsili qarşısına məqsəd qoymuş 9-10-cu sinif şagirdləri olublar.
Qonaqlar Heydər Əliyev Mərkəzi, “Rayon Polis Şöbəsi” tədris modulu, kriminalistik şəhərcik, tədris korpusları, idman zalları və meydançalarına baxış keçirərək Akademiyada kursantlar üçün yaradılmış müasir şərait ilə yaxından tanış olublar. 

Şagirdlərə 100 illik şanlı tarixə malik təhsil müəssisəmizdə həyata keçirilən   təlim-tədris prosesi, xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasında ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə ətraflı məlumat verilib. Həmçinin qonaqlara Akademiyanın maddi-texniki bazası, kursantların bilik və bacarıqlarını daha dərindən mənimsəməsi məqsədilə tədris prosesində istifadə olunan interaktiv təlim otaqları və tədris modulları, kursantların yerli və beynəlxalq yarışlarda qazandıqları uğurlar videoçarx vasitəsilə nümayiş etdirilib və Akademiya haqqında məlumatları əks etdirən lifletlər paylanılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və fərqlənən şagirdlərə xatirə hədiyyələri təqdim edilib.



Geriyə | Çap versiyası