xəbərlər

DİN-in Polis Akademiyası və “ELSA Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Şəxsi axtarış və götürmə” müsabiqəsinin qalibi Polis Akademiyasının komandası olub

16.03.2024

16 mart 2024-cü il tarixində Polis Akademiyasında Daxili İşlər Nazirliyinin Polis Akademiyası və “ELSA Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Şəxsi axtarış və götürmə” müsabiqəsinin final mərhələsi keçirilib.
İlk olaraq tədbirə qonaq qismində qatılan respublikanın müxtəlif ali təhsil müəssisələrinin hüquqşünas tələbələri Polis Akademiyasının “Rayon Polis Şöbəsi” tədris modulu, şərti məhkəmə zalı, kriminalistik şəhərcik və digər interaktiv otaqları ilə yaxından tanış ediliblər.

Tədbirin rəsmi hissəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Müsabiqəni giriş sözü ilə açan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq komandalara uğurlar arzu edib və hüquq təhsilli tələbə və kursantların iştirak etdiyi bu qəbildən olan yarışların keçirilməsinin təhsilalanların praktik biliklərinin zənginləşməsində böyük rolu olduğunu vurğulayıb.

Daha sonra final mərhələsinə vəsiqə qazanan DİN-in Polis Akademiyasının və Dövlət İdarəçilik Akademiyasının komandaları verilən tapşırıqlar üzrə istintaq hərəkətlərinin aparılması üçün öz bacarıqlarını nümayiş etdiriblər. Polis Akademiyasının komandasını əyani təhsil üzrə 4-cü kurs kursantları Güloğlan İsmayılzadə və Vəli Vəliyev təmsil edib.

Bu mərhələdə istintaq hərəkətlərini simulyasiya formasında icra edən komandalar Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokurorları və Vəkillər Kollegiyasının rəyasət üzvü tərəfindən qiymətləndirilib.

Nəticələr hesablandıqdan sonra Polis Akademiyasının komandası “Şəxsi axtarış və götürmə” müsabiqəsinin qalibi elan olunub.
Sonda DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov və “ELSA Azərbaycan”ın Prezidenti Nərminə Hüseynzadə qalib komandaları təbrik edib, komanda üzvlərinə sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.

Geriyə | Çap versiyası