xəbərlər

Polis Akademiyasında “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib

31.03.2024

31 mart 2024-cü il tarixində Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbir içtirakçıları əvvəlcə soyqırım qurbanlarının, xalqımızın Ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib və Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan “İctimai elmlər” kafedrasının rəisi, tarix üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rəhim Məcnunov erməni millətçilərin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırım siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində on minlərlə insanın həyatına son qoyulduğunu, soyqırım barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə bildirib. R.Məcnunov Ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıtdıqdan sonra iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv  hüquqi-siyasi qiymət verdiyini, Ulu öndərin tarixi ədaləti bərpa edərək 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini vurğulayıb.

Qeyd olunub ki, məhz bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırım ilə əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir.
Qonaq qismində iştirak edən AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun  “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vasif Qafarov Mart Soyqırımının 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində - Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Qarabağ, Naxçıvan ərazilərində Bakı Soveti, S.Şaumyanın rəhbərliyi və təşkilatçılığı ilə erməni-bolşevik quldur dəstələrinin Azərbaycan xalqına, türk-müsəlmanlara, digər etnik azlıqlara qarşı törətdiyi tarixi bir cinayət olduğunu vurğulayıb. Vasif Qafarov erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının  erməni millətçiləri və silahlı birləşmələri tərəfindən milli və dini mənsubiyyətə görə günahsız soydaşlarımızın, qocaların, qadınların və uşaqların vəhşi metodlarla amansızсasına kütləvi şəkildə məhv edilməsinə və onların əmlakına dəymiş zərərin məbləğinə dair bu günə olan statistik məlumatlar barədə ətraflı məruzə ilə çıxış edib.

DİN-in Polis Akademiyasının rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən 30 mart 2024-cü il tarixində DİN-in Polis Akademiyasının Böyük sıra meydanında  da Akademiyanın dəyişən heyəti ilə “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” anılıb. İlk olaraq faciə qurbanlarının, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. 
                
Sonra İctimai elmlər kafedrasının baş müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Əfqan Qasımzadə çıxış edərək Akademiyanın dəyişən heyətinə erməni silahlı birləşmələri tərəfindən günahsız soydaşlarımıza qarşı törədilmiş dəhşətli faciə barədə ətraflı məlumatlar verib.
Daha sonra Akademiyanın daimi heyətinin şöbə, fakültə, kurs, kafedra, bölmə, hissə və xidmət rəhbərlikləri tabelikdəki əməkdaşlarla soyqırım ilə bağlı söhbətlər aparıb, eyni zamanda keçirilən ilk dərslərdə kursantlara soyqırım haqqında ümumi məlumatlar verilib.
Həmçinin Akademiyanın böyük sıra meydanında və yeməkxanasında quraşdırılmış monitorlarda “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı bir sıra foto və video materiallar nümayiş etdirilib.

 
 
 
 
Geriyə | Çap versiyası