xəbərlər

Polis Akademiyasında “Gənc hüquqşünas” kursant elmi dərnəyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib

09.04.2024

08 aprel 2024-cü il tarixində Polis Akademiyasında “Gənc hüquqşünas” kursant elmi dərnəyinin təşkilatçılığı ilə “Qanunvericiliyin sistemləşdirilməsinin əhəmiyyəti və aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimləri, dərnəyin üzvləri və I kurs kursantları iştirak ediblər.
Tədbiri dərnəyin rəhbəri, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimi, polis baş leytenantı Mirzə Məmmədov açaraq “Gənc hüquqşünas” kursant elmi dərnəyinin yaradılmasında əsas məqsədin kursantlarda elmi yaradıcılığa həvəs və maraq oyatmaq, yaradıcı təfəkkürün inkişaf etdirilməsi, tədrisdə əldə olunan biliklərin dərinləşdirilməsi və bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi olduğunu qeyd edib.

Tədbirdə I kurs kursantları Əlihəsən Dəmirov “Azərbaycanda sistemləşdirmənin tarixi”, Səxavət Əslanov “Roman-german və anqlosakson hüquq ailələrində sistemləşdirmənin xüsusiyyətləri”, III kurs kursantları Əli Əliyev “İnkorporasiyanın hüquq tətbiqetmədə əhəmiyyəti”, Azər Tapdıqlı “Məcəllələşdirmənin dili, üslubu və terminologiyası” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlar dinlənildikdən sonra mövzu üzrə müzakirələr və fikir mübadiləsi aparılıb.
Sonda “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki Babək Nəsirov bu qəbildən olan tədbirlərin keçirilməsinin kursantların dərin hüquqi biliklər əldə etməsində xüsusi rolunu vurğulayıb, gələcəkdə bu işlərin daha da genişləndirilməsini dərnək rəhbərliyinə və üzvlərinə tövsiyə edib.

Geriyə | Çap versiyası