xəbərlər

Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizənin müasir problemləri ” mövzusunda dəyirmi masa keçirilib

19.04.2024

19 aprel 2024-cü il tarixində DİN-in Polis Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizənin müasir problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəisi, ədliyyə müşaviri Hümmət Vəliyev, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin rəis müavini, k.ü.f.d., polis baş leytenantı Fikrət Əliyev, DİN-in Polis Akademiyasının müəllimləri, kursant və magistr dinləyiciləri birbaşa, həmçinin Naxçıvan Muxtar Respublikası DİN-in Orta İxtisas Polis Məktəbinin müəllim və kursantları onlayn formatda iştirak ediblər.

İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Akademiya rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov tədbiri açıq elan edərək qonaqları və şəxsi heyəti Akademiya rəhbərliyi adından salamlayıb və dəyirmi masanın işinə uğurlar arzulayıb. Rəis müavini dəyirmi masanın proqramını elan edərək bu mövzuda tədbirin keçirilməsində əsas məqsədin mülkiyyət əleyhinə törədilən cinayətlərlə bağlı aktual və problemli məsələlərin araşdırılması və həlli yollarının müəyyən edilməsi, nəzəri biliklərin praktiki  bacarıqlarla vəhdətinə nail olunması və hüquqi müstəvidə olan problemlərə diqqətin artırılması olduğunu bildirib.

Daha sonra dəyirmi masanın elmi-praktik müzakirə hissəsi öz işinə başlayıb və tədbir iştirakçılarının “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizənin müasir problemləri”, “Mənimsəmə və ya israf etmə əməllərilə mübarizənin cinayət-hüquqi xüsusiyyətləri”, “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizədə Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri”, “Virtual əmlak və ona qəsdlərlə mübarizənin müasir problemləri” və “Quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsi hallarının tövsifi problemləri” mövzularında məruzələri dinlənilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi və müxtəlif yönümlü müzakirələr aparılıb. Ümumilikdə tədbir səmərəli və işgüzar şəkildə baş tutub.



Geriyə | Çap versiyası